MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

“XİN-lərarası siyasi məsləhətləşmələr və Hökumətlərarası Komissiyanın fəaliyyəti əməkdaşlığın institusional baxımdan dərin kök saldığını sübut edir” – Kamal Cəfərov

10:14 29.04.2026



Azərbaycan və Ukrayna xalqları arasında mövcud olan münasibətlərin davamlı xarakteri Ukrayna Prezidentinin Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatla bir daha təsdiqlənib. Səfər çərçivəsində Qəbələdə imzalanan altı yeni ikitərəfli sənəd əməkdaşlığın hüquqi bazasını genişləndirmişdir. Bu münasibətlərin mühüm hissəsi kimi son dörd ildə ölkə başçıları arasında keçirilən yeddi görüşü və 2019-cu ildən başlayan uğurlu şəxsi təmasları xüsusi qeyd etmək lazımdır.

Millət vəkili Kamal Cəfərov bildirib ki, bu səfər Bakı və Kiyev arasında həm iqtisadi, həm də strateji sahələrdə yeni imkanların yaranmasına töhfə verir:

“Ticarət dövriyyəmizin yarım milyard dolları ötməsi və SOCAR-ın Ukraynadakı uzunmüddətli uğurlu fəaliyyəti iqtisadi potensialımızın göstəricisidir. Xüsusilə hərbi-texniki əməkdaşlıq və hərbi sənaye kompleksində birgə istehsalla bağlı müzakirə olunan məsələlər hər iki ölkənin milli maraqlarının təmini baxımından əhəmiyyət kəsb edir".

Kamal Cəfərov vurğulayıb ki, dövlətlərarası münasibətlərin əsas prinsipləri qarşılıqlı hörmət və bərabərliyə söykənir:

“Hər iki dövlət bütün beynəlxalq platformalarda bir-birinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını ardıcıl şəkildə dəstəkləyir və bu dəstək tərəfdaşlığımızın əsasını təşkil edir. XİN-lərarası siyasi məsləhətləşmələr və Hökumətlərarası Komissiyanın fəaliyyəti əməkdaşlığın institusional baxımdan dərin kök saldığını sübut edir. Hökumətlərarası Komissiyanın növbəti iclasının Ukraynada keçirilməsi planı isə əlaqələrimizin gələcək illərdə möhkəmlənəcəyinə işarədir”.

Sonda isə millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü xarici siyasət Azərbaycanın beynəlxalq arenada etibarlı tərəf kimi mövqeyini daha da gücləndirir.