SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
"Ağdamın tarixi taleyi Azərbaycan xalqının keçdiyi çətin sınaqların və qazandığı zəfərin bariz nümunəsidir" - Kamal Cəfərov
İşğaldan azad edilmiş ərazilərin sistemli şəkildə bərpası və bölgədə həyatın canlanması dövlət siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Ağdam rayonunda həyata keçirilən genişmiqyaslı quruculuq işləri və məskunlaşma prosesi ölkənin postmünaqişə dövrü üçün müəyyənləşdirdiyi inkişaf strategiyasının nəticələrini ortaya qoyur.
Milli Məclisin deputatı Kamal Cəfərov Ağdamın yenidən qurulması prosesi ilə bağlı vurğulayıb ki, vaxtilə tamamilə dağıdılmış şəhərin qısa müddətdə müasir mərkəzə çevrilməsi dövlətin siyasi iradəsinin və iqtisadi gücünün göstəricisidir:
“Ağdamın tarixi taleyi Azərbaycan xalqının keçdiyi çətin sınaqların və qazandığı zəfərin bariz nümunəsidir. 1990-cı illərin əvvəllərində müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın daxili siyasi böhranla üzləşməsi, hakimiyyətə gəlmək üçün torpaqlarımızı satan və xalqa xəyanət edən AXC-Müsavat hakimiyyəti dövründə də idarəetmədə olan iflic vəziyyət Ağdam kimi mühüm strateji nöqtənin müdafiəsini çətinləşdirmiş və nəticədə rayonun işğalına gətirib çıxarmışdı. Uzun illər davam edən işğal dövründə bölgə fiziki dağıntılara məruz qalmış və zəngin mədəni irsimizə qarşı sistemli şəkildə vandallıq törədilmişdir. Lakin Vətən müharibəsindəki qələbə bölgənin dirçəliş mərhələsinin əsasını qoydu. Prezident İlham Əliyevin birbaşa nəzarəti ilə aparılan işlər göstərir ki, biz gələcəyin müasir və dayanıqlı şəhər modelini formalaşdırırıq”.
Deputat əlavə edib ki, rayonun iqtisadi potensialı Ağdamı Qarabağın əsas sənaye və biznes mərkəzlərindən birinə çevirəcək:
“Bölgəyə qayıdan insanların dayanıqlı məskunlaşması üçün ilk növbədə güclü iqtisadi baza və iş yerləri yaradılmalıdır. Ağdamda fəaliyyət göstərən müəssisələrə verilən dövlət dəstəyi sahibkarlıq mühitinin canlanmasına ciddi təkan verir. Kompleks infrastruktur layihələr yaxın gələcəkdə Ağdamın sənaye və turizm baxımından regionun aparıcı mərkəzlərindən biri kimi mövqeyini möhkəmləndirəcək”.
Kamal Cəfərov tarixi-mədəni abidələrin bərpası və əhalinin doğma yurdlarına qayıdışı məsələsinə də münasibət bildirib:
“Şəhərin və kəndlərin yenidən qurulması ilə paralel olaraq tarixi kimliyimizin qorunması xüsusi əhəmiyyət daşıyır. Tarixi abidələrin bərpası Ağdamın əvvəlki mədəni şöhrətinin qaytarılmasına xidmət edir. Sevindirici məqam isə artıq minlərlə keçmiş məcburi köçkünün doğma torpaqlarına qayıdaraq yeni həyata başlamasıdır. Böyük Qayıdış proqramının uğurla icra olunmasının əsas göstəricisi isə əhalinin işğaldan əvvəlki həyat şəraitinin bərpası və daha da inkişaf etdirilməsidir”.