SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Növbəti etik təlim təhsil işçiləri ilə keçirildi

Növbəti etik təlimimiz təhsil işçiləri ilə keçirildi. Təlim zamanı müzakirə edilən məsələlərə diqqətin tam cəlb olunması və əldə edilən nəticələrin iştirakçıların təhtəlşüuruna ötürülməsi məqsədilə DMN (Default Mode Network – beynin beş neyron şəbəkəsinin eyni anda aktivləşməsi) metodundan istifadə etdik.
Təlimdəki müzakirələrdən qısa bir hissə:
Etik təlimdə iştirak edən şəxslərin adətən yüksək ali təhsilə sahib olmalarına və etik çərçivənin kollektiv əmək və birgə fəaliyyət üçün vacibliyini bilmələrinə baxmayaraq, bu cür kollektivlərdə sadə etik qaydaların niyə uğurla tətbiq edilə bilmədiyi sual edilir. Bunun əsas səbəblərindən biri insan idrakı ilə bağlıdır.
İnsan beynində iki cür düşünmə modeli mövcuddur: avtomatik və reflektiv. Beyin tənbəl olduğu və gün ərzində diqqətini çoxlu, müxtəlif, bəzən isə yersiz məsələlərə yönəltdiyi üçün əsasən avtomatik düşünmə modelindən istifadə edir. Avtomatik model, həqiqətən də, faydalıdır, lakin bəzən ona həddindən artıq güvənmək insanlarda qərəzli yanaşmalar yaradır. Məsələn, biz adətən insanları müəyyən davranışlarına və ya fiziki göstəricilərinə görə yaxşı və ya pis olaraq damğalayırıq. Bunun digər səbəbi də əsrlər boyu insan təfəkküründə formalaşan ikiqütblü mübarizə anlayışıdır: mələklə şeytanın, xeyirlə şərin, ağla qaranın mübarizəsi kimi.
Bəzən isə elə düşünürük ki, qatı cinayətkarlar anadangəlmə cinayətkar doğulur, yaxud cinayətkar olmaq üçün mühitin təsirindən keçir və ya bu məqsədlə xüsusi təhsil alır. Lakin reallıqda cinayət törədən şəxslərin fotolarına baxdıqda onların təsəvvürümüzdəki "yaxşı" insanlardan çox da fərqlənmədiyini görürük. Hətta bəzi qatillər olduqca cazibədar, ağıllı və yüksək empatiya qabiliyyətinə malik ola bilirlər. Təcrübə göstərir ki, cinayət törədənlərin əksəriyyəti əvvəllər cəmiyyət tərəfindən normal, hətta yaxşı insanlar kimi qəbul olunub. Yəni onları bizdən fərqləndirən xüsusi fiziki və ya sosial bir fərq yoxdur.
Bu cür düşüncə tərzi insanlarda "at baxışı" yaradır: insanları ya tam yaxşı, ya da tam pis kimi qavramağa meylli olurlar. Halbuki insanlar nə tam yaxşı, nə də tam pisdir; hər bir insanda həm yaxşı, həm də pis xüsusiyyətlər mövcuddur.