MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

"Tarixi ərazilərimizdə həyatın bərpası və minlərlə sakinin öz doğma yurdlarına qayıtması post-münaqişə dövrünün mühüm reallıqlarından biridir" - Kamal Cəfərov

13:10 20.09.2026



Otuz illik işğaldan sonra Qarabağ və Şərqi Zəngəzurda bərpa olunan suverenlik tarixi ədalətin bərpası ilə məhdudlaşmır. Bu proses həmçinin regionun sosial-iqtisadi baxımdan yenidən formalaşdırılması üçün fundamental zəmin yaradır. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə kimi strateji ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri dövlətimizin milli maraqları ləyaqətlə qorumasının və inkişaf yönümlü daxili siyasətinin göstəricisidir.

Deputat Kamal Cəfərov bildirib ki, azad edilmiş ərazilərdə infrastrukturun qurulması, əhalinin dayanıqlı məskunlaşması və təhsil-sənaye sisteminin yaradılması ölkəmizin uzunmüddətli inkişaf strategiyasının əsas dayaqlarını təşkil edir:

“Tarixi ərazilərimizdə həyatın bərpası və minlərlə sakinin öz doğma yurdlarına qayıtması post-münaqişə dövrünün mühüm reallıqlarından biridir. Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlaması, habelə sənaye və tekstil obyektlərinin istifadəyə verilməsi regionun elmi, mədəni və iqtisadi mərkəzə çevrildiyini göstərir. Azad olunmuş kənd və qəsəbələrdə aparılan yenidənqurma işləri göstərir ki, dövlət siyasəti hər bir vətəndaşın təhlükəsiz və layiqli yaşam şəraitini təmin etməyə hədəflənib”.

Kamal Cəfərov vurğulayıb ki, keçmişdə regionun inkişafına mane olan qeyri-müəyyənlik bu gün dövlətin məqsədyönlü siyasəti nəticəsində tamamilə aradan qaldırılmışdır:

“Azad edilən ərazilərdə həyata keçirilən nəqliyyat, energetika və sənaye layihələri, yeni stansiyaların, istehsalat sahələrinin və sosial infrastrukturun qurulması regionun ümumi iqtisadi potensialını kökündən dəyişir. Beynəlxalq tədbirlərin, forumların və diplomatik görüşlərin bu ərazilərdə keçirilməsi isə Azərbaycanın qlobal müstəvidə artan nüfuzunun və suveren mövqeyinin təzahürüdür. Bu nailiyyətlər təsdiq edir ki, Azərbaycanın Qarabağda yürütdüyü inkişaf strategiyası həm milli maraqlarımızın, həm də regionun gələcək rifahının təminatçısıdır”.