SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
"Laçının bərpası və yenidən qurulması dövlətimizin iqtisadi gücünün və strateji iradəsinin nümunəsidir" - Kamal Cəfərov
Otuz ildən artıq bir dövrdə Şərqi Zəngəzurun açarı sayılan Laçının itirilməsi dövlətçiliyimiz üçün ağır strateji sınaq idi. Zamanında hakimiyyət tərəfindən buraxılan kobud siyasi səhvlər və idarəetmə hərc-mərcliyi bu vacib bölgənin işğalına, nəticədə isə regionun bütöv bir coğrafi blokadaya düşməsinə zəmin yaratmışdı. Bu gün isə Vətən müharibəsində qazanılan tarixi zəfər və ardınca həyata keçirilən məqsədyönlü diplomatiya sayəsində Laçın öz azadlığına qovuşmuş və Cənubi Qafqazın yeni inkişaf və sabitlik mərkəzinə çevrilmişdir.
Milli Məclisin deputatı Kamal Cəfərov bildirib ki, Laçının bərpası və yenidən qurulması dövlətimizin iqtisadi gücünün və strateji iradəsinin nümunəsidir:
“Laçında bu gün şahidi olduğumuz sürətli dönüş bütövlükdə regionun geosiyasi çəkisini artırır. Mürəkkəb relyefə malik bu dağlıq ərazidə müasir nəqliyyat qovşaqlarının, beynəlxalq səviyyəli mülki aviasiya qurğularının və strateji tunellərin istifadəyə verilməsi dövlətimizin uzaqgörən siyasətinin nəticəsidir. Zamanında işğalçıların apardığı qanunsuz məskunlaşma və ekoloji terrorun yerini bu gün dayanıqlı məskunlaşma və genişmiqyaslı quruculuq alıb. Artıq Laçın qlobal xarakterli mühüm diplomatik görüşlərə və beynəlxalq sammitlərə ev sahibliyi edən məkandır”.
Deputat vurğulayıb ki, 1990-cı illərin əvvəlində AXC-Müsavat hakimiyyətinin səriştəsizliyi ucbatından müdafiəsiz qalan və düşmənə təhvil verilən Laçının taleyi bu gün tamamilə fərqli istiqamətdə inkişaf edir:
“O dövrdə hakimiyyət davası aparanların məsuliyyətsizliyi ucbatından Laçının işğal olunması sonrakı böyük faciələrimizin başlanğıcı olmuşdu. Düşmən bu coğrafiyadan istifadə edərək torpaqlarımızı blokadada saxlamağa çalışırdı. Bu gün isə dövlət başçısının qətiyyəti sayəsində o qaranlıq səhifə həmişəlik qapanıb. İndi Laçın həm öz sakinlərinə qucaq açır, həm də geniş MDB coğrafiyasında mədəniyyət paytaxtı səviyyəsinə yüksələrək tarixi ədalətin və milli ləyaqətin bərpasını simvolizə edir”.