MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

"Hazırkı vəziyyət Azərbaycanın Avropa üçün sıradan tərəfdaş olmadığını təsdiqləyir" - Kamal Cəfərov

09:52 06.07.2026



Son dövrlər Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasındakı münasibətlərdə müşahidə olunan dinamika qarşılıqlı əlaqələrin inkişafının göstəricisidir. Bu yaxınlarda Aİ Şurasının Prezidenti cənab Koştanın, Avropa diplomatiyasının rəhbəri xanım Kallasın və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana ardıcıl səfərləri Avropanın regiona, xüsusilə də ölkəmizə artan marağının və etimadının sübutu hesab olunmalıdır.

Kamal Cəfərov vurğulayıb ki, hazırkı vəziyyət Azərbaycanın Avropa üçün sıradan tərəfdaş olmadığını təsdiqləyir:

“Bu gün Aİ ölkəmizin əsas ticarət tərəfdaşı statusunu qoruyur. Eyni zamanda Avropa İttifaqının Cənubi Qafqaz regionu ilə ümumi ticarət dövriyyəsinin təxminən 70 faizinin məhz Azərbaycanın payına düşməsi Bakının regional liderliyinin təsdiqidir. Xüsusilə dörd il əvvəl imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumundan sonra Avropaya qaz ixracımızın artması və artıq Aİ-nin 10 üzv dövlətinin Azərbaycan qazı ilə təmin edilməsi qitənin enerji təhlükəsizliyində oynadığımız mühüm rolu nümayiş etdirir. Bu, milli təhlükəsizlik amili olmaqla yanaşı, Azərbaycanın qlobal iqtisadi arenada etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir”.

Deputat qeyd edib ki, Azərbaycan ənənəvi enerji resursları ilə kifayətlənmir, həmçinin gələcəyin qlobal çağırışlarına uyğun addımlar atır. Onun fikrincə, Avropa Komissiyası ilə əməkdaşlığın yaşıl enerji sahəsinə daşınması münasibətlərin müxtəlifliyi baxımından önəmli addımdır.

Əlbəttə, bugünki xarici siyasətdə əldə etdiyimiz uğurları nəzərə alarkən həmişə keçmişdə buraxılan səhvləri nəzərdən keçirmək vacibdir, xüsusilə yaxın keçmişdə, 90-cı illərin əvvəllərində xarici qüvvələrin, o cümlədən böyük dövlətlərin tapşırıqları və göstərişləri ilə oturub-duran, həmin tapşırıqları icra edən AXC-Müsavat hakimiyyətinin fəaliyyətinə mütləq yenə diqqət yetirmək və görmək lazımdır ki, o dövr Azərbaycanla müqayisədə hazırda tarixdə olmadığı qədər güclü və müstəqil, eyni zamanda beynəlxalq münasibətlər sistemində suverenliyi hər şeydən üstün tutan bir Azərbaycan var.

Regiondakı təhlükəsizlik arxitekturasına toxunan deputat Ermənistanla münasibətlərin normallaşması prosesinin de-fakto yeni bir mərhələyə keçdiyini bildirib. Ötən il Vaşinqtonda imzalanan Birgə Bəyannamə və sülh sazişi mətninin paraflanması regionda faktiki sülhün bərqərar olduğunu göstərir. Bakının humanitar və iqtisadi xarakterli birtərəfli addımları, o cümlədən Ermənistana yüklərin tranziti üçün məhdudiyyətlərin aradan qaldırılması və yanacaq təchizatına başlanılması Azərbaycanın sülhə sadiqliyinin əyani nümunəsidir.

Kamal Cəfərov sonda əlavə edib ki, Avropa Komissiyasının bu proseslərə dəstək vermək arzusu regionun gələcəyi üçün müsbət siqnaldır. Azərbaycan işğala son qoyaraq öz gücü ilə bərpa etdiyi suverenliyi fonunda regionu münaqişələrdən uzaq, dayanıqlı inkişaf və tərəfdaşlıq məkanına çevirməkdə qərarlıdır.