SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
"Azərbaycan ilə Özbəkistan arasında formalaşan möhkəm tərəfdaşlıq Mərkəzi Asiya dövlətləri ilə Azərbaycanın çoxşaxəli inteqrasiya prosesində həlledici rol oynayır" - Kamal Cəfərov
Mərkəzi Asiya ilə Cənubi Qafqazın vahid iqtisadi maraqlar ətrafında birləşən dövlətlərdən ibarət məkan kimi formalaşması və qardaş dövlətlər arasında qarşılıqlı etimadın yüksək zirvəyə çatması fonunda Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Türk dünyasının inteqrasiyasında yeni tarixi mərhələnin əsasını qoydu. Daşkənddə keçirilən Ali Dövlətlərarası Şuranın 3-cü iclası və qarşılıqlı olaraq ali dövlət təltiflərinin təqdim olunması göstərir ki, Bakı və Daşkənd arasında qurulan münasibətlər ikiölkəli çərçivə ilə məhdudlaşmır, bütövlükdə geniş geosiyasi coğrafiyanın təhlükəsizliyinə və iqtisadi inkişafına xidmət edir.
Milli Məclisin deputatı Kamal Cəfərov bildirib ki, dövlət başçılarının iradəsi ilə formalaşan yeni əməkdaşlıq modeli regional iqtisadiyyatların bir-birini tamamlamasına və böyük layihələrin reallığa çevrilməsinə zəmin yaradıb:
“İki ölkə arasında ticarət dövriyyəsinin dəfələrlə artırılması hədəfi artıq tamamilə real və ölçülə bilən strateji planın tərkib hissəsidir. Özbəkistanda son illər həyata keçirilən köklü islahatlar və formalaşan əlverişli sərmayə mühiti Azərbaycan şirkətləri, o cümlədən energetika və bank sektorunun aparıcı qurumları üçün yeni imkanlar açır. Eyni zamanda, Özbəkistanın azad edilmiş Qarabağ torpaqlarında, xüsusilə Füzuli və Xankəndidə sosial və sənaye obyektlərinin inşasında birinci sıradan iştirak etməsi qardaşlığın konkret əməldə təzahürüdür. Bütün bunlar göstərir ki, birgə investisiya təşəbbüsləri hər iki dövlətin milli maraqlarına tam cavab verir”.
Deputat vurğulayıb ki, Azərbaycan ilə Özbəkistan arasında formalaşan bu möhkəm tərəfdaşlıq Mərkəzi Asiya dövlətləri ilə Azərbaycanın çoxşaxəli inteqrasiya prosesində həlledici rol oynayır:
“Bu gün Bakı və Daşkənd arasında əlaqələrin belə sürətlə şaxələnməsi dünya siyasətində nadir rast gəlinən mənəvi və maddi təmələ söykənir. İmzalanan genişmiqyaslı sənədlərin ardında dəqiq, mərhələli fəaliyyət proqramı dayanır. İki ölkə liderinin nümayiş etdirdiyi siyasi iradə və ləyaqətli siyasət xətti regionda dayanıqlı inkişafın və iqtisadi suverenliyin etibarlı təminatçısıdır”.