MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

"Ana dilimizin hüquqi statusunun bərqərar olunması və qorunması tarixi varislik prinsipinə dayanır" - Kamal Cəfərov

11:22 01.08.2026



Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü müstəqilliyimizi və milli kimliyimizi şərtləndirən əsas prinsipləri dəyərləndirmək baxımından böyük əhəmiyyət kəsb edir.

Milli Məclisin deputatı Kamal Cəfərov bu əlamətdar günlə bağlı bildirib ki, ana dilimizin hüquqi statusunun bərqərar olunması və qorunması tarixi varislik prinsipinə dayanır:

“Tarixi təcrübə göstərir ki, xalqı böhranlı dövrlərdə, müstəqilliyin olmadığı və ya təhdid altına düşdüyü illərdə dağılmaqdan qoruyan əsas amil onun mədəniyyəti və ana dili olmuşdur. SSRİ dövründəki məhdudiyyətlərə və ideoloji təzyiqlərə baxmayaraq, Ulu Öndər Heydər Əliyevin nümayiş etdirdiyi cəsarətli siyasi iradə sayəsində Azərbaycan dili dövlət dili səviyyəsinə qaldırılmış, müstəqillik illərində isə bu xətt tam formalaşdırılmışdır. 1995-ci il Konstitusiyası və 2001-ci ildə yaradılan hüquqi baza dilimizin müstəqil dövlətin rəsmi simvoluna çevrilməsini təmin etmişdir”.

Deputat vurğulayıb ki, hazırda dil siyasəti yeni keyfiyyət mərhələsinə qədəm qoyub və əsas diqqət dilin saflığının qorunmasına, habelə müasir çağırışlara cavab verməsinə yönəlib:

“Böyük tarixi irsə və zəngin lüğət tərkibinə malik olan dilimizin bu gün zərurət olmadan kənar sözlərlə yüklənməsi, xüsusilə kütləvi informasiya vasitələrində və rəqəmsal məkanda dil normalarının pozulması narahatlıq doğurur. Dövlət başçısı cənab İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi dilin saflığının qorunması təkcə dilçilərin və ya alimlərin deyil, bütövlükdə cəmiyyətin, hər bir vətəndaşın üzərinə düşən məsuliyyətdir.

Müasir dövrdə elektron məkanda Azərbaycan dilinin mövqeyinin möhkəmləndirilməsi, normativ-hüquqi aktlara riayət olunmasına nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və xaricdə yaşayan soydaşlarımızın dil ehtiyaclarının ödənilməsi strategiyamızın əsasını təşkil edir. Bu baxımdan dilimizin orijinallığını zədələyən təsirlərə qarşı institusional və ictimai qarşılıq vermək, gənc nəslə ana dilinin dərinliklərini mənimsətmək hər birimizin mənəvi borcudur. Çünki milli kimlik məhz öz dilinə olan hörmət və bağlılıqdan başlayır”.