MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

AŞPA-nın Hüquq Komitəsinin iclasında erməni təxribatına cavab

22:41 12.12.2022



AŞPA-nın Hüquq Komitəsinin iclasında Ermənistanın deputatı Vardanyan dedi ki, Azərbaycan tərəfi Laçın koridorunu bağlayıb və bununla da Xankəndindəki ermənilərin Ermənistanla əlaqəsi kəsilib.
 
Bundan sonra o əlavə etdi ki, Azərbaycanın məqsədi guya bütün erməniləri oradan çıxarmaqdır, dolayısı ilə ermənilərə qarşı dırnaqarası "soyqırım" təhlükəsi yaratmaqdır. Üstəlik bildirdi ki, bu hadisəyə Ukraynada baş verən müharibə cinayətləri ilə paralel baxmaq lazımdır. Ancaq fikrini izah edə bilmədi.
 
Birincisi cavab verdim ki, KTMT, Avrasiya və Gömrük İttifaqlarının üzvü olan Ermənistan nümayəndəsinin bu paralel cəhdi ikiüzlülükdür. AŞPA-da Ukrayna və Rusiya münaqişəsi ilə bağlı qətnaməyə Ukraynanın lehinə Erkin Qədirli səs verəndə, Kiyev, İrpin və Buça şəhərlərinə səfər edəndə Vardanyan səssiz idi, yox idi. Ona görə də, onun bu sözləri deməyə mənəvi haqqı yoxdur.
 
İkincisi, digər iddiaları ilə bağlı bildirdim ki, Azərbaycanın aidiyyati qurumları “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə, o cümlədən ətraf mühitə dəyən zərərin monitorinqin həyata keçirilməsi ilə bağlı, həmin ərazidə müvəqqəti fəaliyyət göstərən rus sülhməramlılara bildiriş vermişdi. Daha sonra monitorinq günü həmin ərazidə rus cinayətkar-oliqarx Ruben Vardanyan bir qrup erməni ilə təxribat törətdi və monitorinqə mane oldu. Rus sülhməramlıları isə bu təxribatın qarşısını ala bilmədi və ya almaq istəmədi. İndi isə bizim vətəndaşlarımız, QHT nümayəndələri, toplaşmaq azadlığından istifadə edərək, rus sülhməramlıların rəhbəri Volkovu görüşə çağırırlar. Nə qədər ki, Volkov gəlməyəcək, koridor bağlı qalacaq. Ona görə də koridorun bağlı qalma səbəbi elə Volkovun özüdür.
 
Daha sonra Erkin Qədirli çıxış edərək bildirdi ki, Laçın koridoru yeganə yol deyil, ondan daha geniş və sürətli yeni tikilmiş magistral yol var. Bunu Azərbaycan tərəfi tikib, ancaq ermənilər həmin yoldan istifadə etməkdən imtina edirlər. Daha sonra qeyd etdi ki, həmin əraziyə rus sülhməramlıları nəzarət edir və hazırda nə təxribat baş verirsə rus sülhməramlıların məsuliyyətidir. Ruslar bizdən soruşmadan kimi gəldi buraxır. Misal üçün Fransa Prezident seçkilərində namizəd olmuş Paris şəhərinin merini Azərbaycanın icazəsi olmadan Azərbaycan ərazisinə buraxıb.
 
Erkin Qədirli qeyd etdi ki, ermənilərin strategiyası Azərbaycanla barışmaq və rus qoşunlarını Ermənistan ərazisindən, rus sülhməramlılarını isə Qarabağdan çıxarmaq olmalıdır.
 
Çünki ruslar faktiki olaraq ermənilər üçün getto yaradıblar. Öz öhdəliklərini yerinə yetirmirlər. Qarabağdan məcburi köçkün edilmiş Azərbaycanlıların geri qayıtmasına imkan yaratmırlar, iki icma arasında ünsiyyətin qurulmasına şərait yaratmırlar. Bütün bunları nəzərə alaraq Ermənistanın Azərbaycana qarşı son iddiaları əssasızdır.
 
Sonda Vardanyan Komitədən son hadisələrlə bağlı qətnamə layihəsinin hazırlanmasını xahiş etdi, lakin bu xahiş rədd edildi, çünki prosedur qaydalarına zidd idi. Ən axırda iclasın sədrindən bu hadisələrlə bağlı bəyanat verməyi xahiş etdi. Bu cəhdi da baş tutmadı.
 
Hazırda Laçın koridorunda çadır qurub, haqqa çatmaq istəyənlərə eşq olsun!
 
Kamal Cəfərov və Erkin Qədirli,
Paris, 12.12.2022