SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
“Bu gün maliyyə ehtiyatları borclarını dəfələrlə üstələyən tam müstəqil gücə çevrilmişik” - Kamal Cəfərov
Xəzər regionunun və qlobal enerji bazarının ən mühüm hadisələrindən biri olan Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimi müasir Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki müstəsna statusunu və iqtisadi suverenliyini növbəti təsdiqidir. Vaxtilə çətin şərtlər daxilində təməli qoyulan regional enerji təşəbbüslərinin bu gün qlobal miqyaslı nəhəng platformaya çevrilməsi ölkəmizin uzaqgörən xarici siyasət strategiyasının nəticəsidir.
Milli Məclisin deputatı Kamal Cəfərov bu mühüm hadisənin regionda yaratdığı yeni geosiyasi reallıqlar və iqtisadi perspektivlərlə bağlı fikir bildirib:
“Prezident İlham Əliyevin Bakı Enerji Həftəsindəki çıxışı Azərbaycanın qlobal enerji təhlükəsizliyini tənzimləyən əsas güc mərkəzlərində biri olduğunu nümayiş etdirdi. ABŞ Prezidenti Donald Trampın tədbirə ünvanladığı məktub və dövlətimizin başçısının qlobal enerji siyasətindəki praqmatizmi yüksək qiymətləndirməsi rəsmi Bakının beynəlxalq arenadakı rolunun bariz göstəricisidir. Neft-qaz hasil edən ölkələrə qarşı aparılan əsassız qarayaxma kampaniyalarına və müəyyən dairələrin manipulyasiyalarına baxmayaraq faydalı qazıntıların əvəzolunmazlığı artıq qəbul edilir. Azərbaycan da bu prosesdə əldə etdiyi gəlirləri yaşıl gündəliyə, təhsilə və sosial infrastruktura düzgün yönəldən nümunəvi dövlət statusundadır”.
Deputat qeyd edib ki, 1990-cı illərin əvvəllərindəki xaotik və ağır böhran fonu ilə müqayisədə bu gün Azərbaycan tamam başqa bir inkişaf modelini dünyaya təqdim edir.
“Müstəqilliyin ilk illərində yoxsulluğun yarıdan çox olduğu, elektrik və qazı idxal edən bir ölkədən, bu gün maliyyə ehtiyatları borclarını dəfələrlə üstələyən tam müstəqil gücə çevrilmişik. Bu iqtisadi inkişaf bizə 30 illik işğala son qoyan müzəffər ordu qurmağımıza şərait yaratdı. Prezident İlham Əliyev də çıxışında bəyan etdi ki, ordunu qurmaq üçün iqtisadi imkanlarımız olmasaydı, bu gün torpaqlarımız hələ də işğal altında qala bilərdi. Hazırda isə ölkəmiz daxili investisiyalarla məhdudlaşmır, bir çox ölkələrdə emal və enerji layihələrinə irihəcmli sərmayələr yatırır”.
Kamal Cəfərov ölkəmizin xarici siyasət strategiyasının qarışıq coğrafi şəraitdə olan bir dövlətin unikal diplomatik uğuru olduğunu diqqətə çatdırıb:
“Azərbaycan okeanlara birbaşa çıxışı olmayan coğrafiyada yerləşsə də, yürüdülən müdrik diplomatiya sayəsində qonşuları, hətta qonşularının qonşuları ilə belə güclü əməkdaşlıqlar qurub. Cənub Qaz Dəhlizi vasitəsilə bu gün Azərbaycan qazını alan 16 ölkədən 10-nun Avropa İttifaqı üzvü olması bu diplomatik addımların miqyasını göstərir. Eyni zamanda Xəzərin şərqindən Avropaya qədər uzanacaq yaşıl enerji kabelləri və Zəngəzur dəhlizinin inşası regionun gələcək mənzərəsini tamamlayır”.