MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

“Bizim əsas hədəfimiz isə kəndlə şəhər arasındakı fərqləri azaldaraq əks-urbanizasiya prosesini başlatmaqdır” – Kamal Cəfərov

09:36 01.06.2026



Qlobal müharibələr, nəqliyyat zəncirlərinin qırılması və iqlim dəyişikliyinin kənd təsərrüfatı istehsalına mənfi təsir göstərdiyi müasir dövrdə ölkələrin öz ərzaq təhlükəsizliyini təmin etməsi zərurətə çevrilmişdir. Belə bir şəraitdə ölkəmizdə regional inkişaf proqramları çərçivəsində həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, qazlaşdırma və nəhəng su anbarlarının inşası kənd təsərrüfatının sürətli inkişafı üçün həlledici zəmin yaratmışdır. Dövlət başçısının tapşırığı ilə hazırlanan və 2026–2030-cu illəri əhratə edən yeni Dövlət Proqramı isə aqrar sektorda yeni bir mərhələnin əsasını qoyur.

Milli Məclisin deputatı Kamal Cəfərov bildirib ki, kənd təsərrüfatının inkişafına dair qəbul edilən qərarlar regional canlanmaya və şəhərlərdən kəndlərə qayıdış prosesinin stimullaşdırılmasına xidmət edir:

“Prezident İlham Əliyevin rəhbərliyi ilə icra olunan Regional İnkişaf proqramlarının əsas məqsədi bölgələrdə elə bir yüksək şərait yaratmaqdır ki, insanlar kəndləri tərk etməsinlər, öz dədə-baba torpaqlarında əkin, biçin və turizmlə məşğul olsunlar. Ümumdünya Şəhərsalma Forumunda da qeyd edildi ki, kəndlərdən şəhərlərə axın qlobal bir problemdir. Bizim əsas hədəfimiz isə kəndlə şəhər arasındakı fərqləri azaldaraq əks-urbanizasiya prosesini başlatmaqdır. Bölgələrdə sosial infrastrukturun qurulması, xəstəxanaların fəaliyyət göstərməsi və məktəblərin böyük hissəsinin təmir edilməsi insanları torpağa daha fəal şəkildə bağlamaq məqsədi daşıyır ”.

Deputat vurğulayıb ki, aqrar sektorda idxaldan asılılığın azaldılması üçün həm yerli, həm də xarici investorlar qarşısında yeni imkanlar və konkret vəzifələr dayanır:

“Hazırda tərəvəz, meyvə və bostan məhsulları üzrə daxili tələbat artıqlaması ilə təmin olunsa və geniş ixrac potensialı yaradılsa da, buğda istehsalında özümüzü təminetmə əmsalının 55 faiz səviyyəsində qalması bu sahəyə investisiya qoyuluşunu sürətləndirməyi tələb edir. Eyni zamanda, ət, süd və quş əti istehsalının 100 faizə çatdırılması, həmçinin soyuducu anbar infrastrukturunun əlavə artırılaraq 500 min tona çatdırılması qısamüddətli dövrdə özəl sektorun fəal iştirakı ilə icra olunmalıdır. 2026-2030-cu illəri əhatə edən proqramın reallaşdırılması üçün dövlət xətti və özəl sektor tərəfindən 5 milyard manatdan çox vəsaitin qoyulması nəzərdə tutulur, bu da aqrar sektorda real dönüş yaradacaqdır”.