MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Tarixi zərurətdən doğan siyasi güc: YAP-ın keçdiyi şərəfli yol və gələcək hədəfləri

10:56 21.11.2025



Yeni Azərbaycan Partiyasının (YAP) yaranması müasir dövlətçilik tariximizdə sadəcə bir siyasi təşkilatın təsis olunması deyil, xalqın taleyində həlledici dönüş nöqtəsidir. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Bu partiya zamanın obyektiv zərurətindən doğan, xalqın iradəsini ifadə edən siyasi gücdür.

Deputat Kamal Cəfərov bildirmişdir ki, 90-cı illərin əvvəllərində AXCP-Müsavat cütlüyünün səriştəsiz fəaliyyəti ölkəni xaos və anarxiya mühitinə sürükləmişdi. Məhz belə bir məqamda Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Xalqın istəyini nəzərə alaraq Ulu Öndərə müraciət edən məşhur “91-lər”in cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı.

Deputat qeyd etmişdir ki, bu gün Ulu Öndər Heydər Əliyevin siyasi mirasının müzəffər davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP yeni zirvələrə doğru inamla addımlayır. Prezident İlham Əliyevin YAP-ın VII qurultayında çıxışında qeyd etdiyi kimi YAP son 30 ildə Cənubi Qafqazda qurulan ən böyük və nüfuzlu siyasi partiyadır.

Dövlət idarəçiliyində varislik və təkamül prinsiplərinin qorunması ilə yanaşı, islahatlar da davam edir. Belə ki, Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın sədri cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib. Sözügedən təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin təcəssümüdür.

Həmçinin qeyd edilməlidir ki, son seçkilərin nəticələri xalqın YAP-a olan yüksək etimadının göstəricisidir. 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Eyni zamanda, 2024-cü il sentyabrın 1-də keçirilən parlament seçkilərində Yeni Azərbaycan Partiyası parlaq qələbəyə imza ataraq parlamentdə 68 millət vəkili ilə təmsil olunmaq hüququ qazanmışdır.

Deputat sonda bildirmişdir ki, partiyanın yeni Proqramı Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya konsepsiyasını özündə ehtiva edir. Ulu Öndərin dediyi kimi, “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır”. Partiyanın strateji hədəfləri arasında yer alan güclü iqtisadiyyat, ordu quruculuğu və işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış kimi məsələlər Azərbaycanın gələcək inkişafının təminatçısıdır. Bu gün Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyası olaraq bütün ölkəmizdə gedən proseslərin mərkəzindədir.