MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

"Şuşa Azərbaycanın gözüdür, hər bir Azərbaycanlının iftixar mənbəyidir və türk dünyasının mədəni paytaxtıdır" - Kamal Cəfərov

18:25 07.06.2026



Azərbaycan və Türkiyə arasındakı strateji müttəfiqlik bəyannaməsinin adının Şuşa olması və 15 iyun tarixində imzalanmasının xüsusi rəmzi və mənəvi mənası var. Şuşa Azərbaycanın gözüdür, hər bir Azərbaycanlının iftixar mənbəyidir və türk dünyasının mədəni paytaxtıdır. Şuşa adının rəmzi mənası ondan ibarətdir ki, bu saziş iki dövlət arasındakı müttəfiqlik münasibətindən əlavə, bütün türk dövlətlərinə təsir edən bir bəyannamədir. Bu bəyannamə türk dünyası içində yeni əlaqələr modelinin həyata keçirilməsini hədəfləyir.

15 iyun isə Azərbaycan dövlətçiliyinin, xalqının qurtuluş tarixidir, dönüm nöqtəsidir. Bu bəyannamə də Azərbaycan və Türkiyə dövlətləri daxil olmaqla, türk dövlətləri üçün mərhələ və keyfiyyətcə dönüm nöqtəsidir. Bu barədə daha ətraflı danışmaq olar, ancaq təklif edirəm ki, iki dövlət arasındakı perspektivdən təhlil edək.

Bu sənədin adı bəyannamə olsa da, beynəlxalq hüquq perspektivindən iki dövlət arasında yüksək hüquqi qüvvəyə malik olan sənəddir. Çünki hər iki dövlətin məclisi tərəfindən təsdiq olunub. Ən mühümü isə bu strateji müttəfiqlik sənədində müddətin olmamasıdır. Bu təbiidir və bu o deməkdir ki, dostluq münasibətimizin tarixi yoxdur, biz var olduqca olacaqdır, eyniyik, birik, iki dövlət, bir millətik.

100 il bundan əvvəl imzalanan Qars müqaviləsinə, 1994-cü il və 2010-cu illərdə imzalanan sənədlərə istinad Azərbaycan və Türkiyə arasında münasibətlərin davamlılığına və tarixiliyinə istinaddır. Heydər Əliyev 1992-ci ilin mart ayının 24-də Türkiyənin həmin dövrdəki Baş naziri Süleyman Dəmirəllə də müqavilə imzaladı, Qars müqaviləsinin əhəmiyyətini bildirdi və Qars müqaviləsinin Naxçıvanla Türkiyəni daha yaxın etdiyini bildirdi. 100 milyon kredit və 100 tələbə Türkiyəyə oxumağa göndərildi. 1993-cü il 14 may tarixində Ermənistanla atəşin dayandırılması haqqında bəyannamə imzalandı.

Bu bəyannamə Azərbaycan və Türkiyə dövlətləri arasında əlaqələrin strateji müttəfiqlik səviyyəsində rəsmiləşdirilməsidir.

Şuşa bəyannaməsi "Fikirdə, dildə və işdə bir" dövrünün ən yüksək səviyyədə manifestidir.

Detallara baxsaq görərik ki, bu müqavilə hər hansı bir 3-cü dövlətə qarşı yönəlməyib. Bu saziş iki dövlətin milli maraqlarının müdafiəsinə, Qafqazda sülh və sabitliyin təminatına yönəlib. Eyni zamanda hər iki dövlətin təhlükəsizliyi ilə bağlı müdafiə tədbirləri olan müddəa çox mütərəqqidir, beynəlxalq hüquqa tam uyğundur. Hərbi müdafiə tədbirlərinin BMT-nin məqsəd və prinsiplərinə uyğun olaraq BMT-nin Nizamnaməsində nəzərdə tutulan zəruri formada həyata keçirilməsini göstərir. Bu cür oxşar müttəfiqlik müqavilələrində hərbi dəstəklə bağlı müddəalar burada olduğu kimi korrekt deyil.

Bütün bunlarla yanaşı, Şuşa bəyannaməsi sosial, iqtisadi, mədəni, idman, diplomatiya, yüksək texnologiyalar, elm və müxtəlif sahələri əhatə edir. Misal üçün Texnofest ölkədən kənar ilk dəfə Azərbaycanda keçirildi, Türkiyə-Azərbaycan ortaq universiteti yaradıldı, media sahəsində əməkdaşlıq əlaqələri çox yüksək səviyyədədir, elə bu yayım onun nümunəsidir, parlament səviyyəsində ortaq mühüm sənədlər qəbul edilib, parlament sədrləri bir il ərzində dəfələrlə səfər edib, görüşlər keçiriblər.

Bayaq qeyd etdiyim kimi Şuşa bəyannaməsi bütün türk dünyası üçün yeni bir dövrün başlanğıcıdır. Bəyannamədəki türk dünyasına istinadlar təsadüfi deyil. Şuşa bəyannaməsindən sonra Türk dilli dövlətlərin adının dəyişdirilməsi də təsadüfi və texniki məsələ deyildi. Yeni adıyla Türk dövlətləri təşkilatının məqsədi nə yayılmaq, nə də imperializm məqsədi də daşımır. Türk dövlətləri təşkilatının məqsədi Qafqazda, Orta Asiyada, Balkanlarda 4.5 milyon kvadrat kilometrdə, 170 milyon əhalinin yaşadığı, 600 milyard dollar dövriyyənin olduğu coğrafiyada üzv dövlətlərin rifah boşluğunun aradan qaldırılması, bu dövriyyənin 2 qatına çıxarılmasıdır.