MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Konstitusiya müstəqil Azərbaycanın dövlətçiliyinin hüquqi təməlidir

17:28 12.11.2025



Konstitusiya ən ali, hüquqi sənəddir, ölkəmizin dövlət quruculuğu, hüquqi, siyasi, iqtisadi inkişafı baxımından ümumi prinsipləri müəyyən edən ana qanundur.

Konstitusiyamızın bəyan etdiyi əsas dəyərlərindən birinin ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasını nəzərə alaraq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz və xalqımız tərəfindən Vətən müharibəsində əldə etdiyimiz parlaq Zəfərin 5-ci il dönümündə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Konstitusiyamızın qəbulunun 30-cü il dönümündə, Konstitusiya və Suverenlik ili elan edilməsininin həm dövlət kimliyimiz, çoxəsrlik dövlət ənənələrimiz, həm milli kimliyimiz, milli birliyimizin möhkəmləndirilməsi baxımından, həm də gələcəyə baxış, gələcək prioritetlərin müəyyənləşdirilməsi baxımından hüquqi, siyasi və ictimai əhəmiyyəti və dəyəri var.

Müasir Azərbaycan tarixində Milli Qurtuluşdan Böyük Zəfərə getdiyimiz müqəddəs yolda, şübhəsiz ki, Konstitusiyamız hüquqi təməl rolunu oynamışdır.

Əlbəttə, qeyd etdiyimiz bütün məqamlarla hər bir Azərbaycan vətəndaşı fəxr etməlidir. Ancaq həm də məhz bu cür günlərdə milli məsuliyyət ki, keçmiş dövlət tariximizə düzgün ictimai və siyasi qiymət verməliyik.

Konstitusiyamızın hazırlanması və qəbulu prosesi də bu cür nümunələrdən biridir. 1991-ci ilin 18 oktyabr tarixində qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991–1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxarmış, dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır.

Yalnız 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi.

Bildiyiniz kimi, 1991-ci ildə bərpa edilən dövlət müstəqilliyimiz həmin dövrün geosiyasi şəraiti və tarixi hadisələrinin məntiqi nəticəsi idi və təəssüf ki, formal xarakter daşıyırdı. Biz müstəqilliyimizi bir çox digər respublikalardan daha gec elan etdik. Ancaq burada xüsusi bir məqamın üzərində dayanmaq istəyirəm. Müstəqilliyini bizdən əvvəl elan edən Ermənistan öz müstəqillik bəyannaməsində onlara mənsub olmayan Qarabağa konstitusion iddia irəli sürdülər.

Ancaq həmin dövrdə müstəqilliklə bağlı hazırlanmış bəyannamə və konstitusiya aktında, təəssüf ki, fundamental beynəlxalq hüquq norması olan – bizim, qərbi azərbaycanlıların geri qayıdışı hüququ ilə bağlı bir kəlmə belə qeyd edilməyib. Təkcə bu faktın özü bir daha sübut edir ki, 1991-1993-cü illərdə hakimiyyətdə olanları Azərbaycan xalqının taleyi maraqlandırmayıb, onlar heç bu barədə düşünməyiblər belə. Başları hakimiyyət uğrunda davaya qarışıb.

Təsəvvür edirsiniz həmin zaman deportasiya yeni baş vermişdi. Yüz minlərlə soydaşlarımız gözlərinin qabağında idi, Qarabağda işğal başlamışdı, onlar da bəyannamədə qayıdış hüququnu ali səviyyədə təsbit etmək əvəzinə yazırlar ki, SSRİ-yə daxil olan respublikalarla, o cümlədən, Ermənistanla dostluq münasibətləri arzu edirik.