MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

İran tərəfindən Naxçıvan ərazisinə edilən dron hücumu beynəlxalq hüququn kobud pozuntusudur

12:56 06.03.2026



Deputat Kamal Cəfərov bildirib ki, İran İslam Respublikası ərazisindən Naxçıvan istiqamətində həyata keçirilmiş dron hücumu Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş ciddi təxribatdır. Mülki infrastruktura, xüsusilə də mülki vətəndaşların istifadə etdiyi hava limanı kimi obyektlərin hədəfə alınması beynəlxalq humanitar hüququn fundamental prinsiplərinə ziddir və bu cür hərəkətlər qətiyyətlə pislənilməlidir. Belə addımlar regionda sabitliyə deyil, gərginliyin artmasına xidmət edir.

Azərbaycan dövləti hər zaman qonşuluq münasibətlərində konstruktiv mövqe nümayiş etdirib və öz ərazisindən heç bir ölkəyə qarşı təhlükə yaratmayıb. Əksinə, çətin dövrlərdə qonşu dövlətlərə humanitar dəstək göstərmək təşəbbüsləri ilə çıxış edib. Bu baxımdan, İran tərəfinin belə bir addım atması siyasi baxımdan əsassız və qəbuledilməz davranış kimi qiymətləndirilməlidir.

Kamal Cəfərov vurğulayıb ki, İran tərəfi baş vermiş hadisə ilə bağlı beynəlxalq ictimaiyyət qarşısında aydın və əsaslandırılmış izahat verməli, eyni zamanda bu kimi halların gələcəkdə təkrarlanmaması üçün konkret və təxirəsalınmaz tədbirlər görməlidir. Dövlətlərarası münasibətlər qarşılıqlı hörmət və beynəlxalq hüquqa riayət prinsipləri üzərində qurulmalıdır.