MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Azərbaycan və Mərkəzi Asiya arasında yeni geosiyasi reallığın manifesti

12:42 21.11.2025



Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya istiqamətinin prioritetliyini və regionun gələcək mənzərəsini müəyyən edən strateji mesajlarla zəngindir və bu müsahibə türk dünyasının inteqrasiyasında yeni mərhələnin əsasını qoyur. Cənab Prezidentin “Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır” fikri region ölkələri arasındakı əməkdaşlığın sadəcə tərəfdaşlıq deyil, qlobal miqyasda strateji birlik modelinə çevrildiyinin ən aydın göstəricisidir.

Kamal Cəfərov bildirmişdir ki, dövlət başçısının iki ölkə arasındakı münasibətlərin səviyyəsi ilə bağlı bəyanatı olduqca vacib mesajdır: “Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ən yüksək - müttəfiqlik səviyyəsindədir”. Bu siyasət qarşılıqlı inam üzərində qurulub və deputatın fikrincə, “münasibətlərimizin inkişafına təsir edən digər, əhəmiyyəti heç də az olmayan amil Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyev ilə aramızda yaranan şəxsi etimad və dostluq münasibətləridir” fikri liderlər arasındakı səmimiyyətin dövlətlərarası əlaqələrin uğurunda mühüm rol oynadığını nümayiş etdirir.

Deputat vurğulamışdır ki, Prezident İlham Əliyevin iqtisadiyyat və nəqliyyat sektoru ilə bağlı qeyd etdiyi məqamlar - “Orta Dəhlizin artan əhəmiyyəti əməkdaşlığımızın genişləndirilməsi üçün əhəmiyyətli imkanlar yaradır” və “2023-cü ildə həm ölkələrimizin daxilində, həm də üçüncü ölkələrdə sərmayə qoyuluşunu nəzərdə tutan ümumi kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti yaradılıb” - regionun iqtisadi potensialını əhəmiyyətli dərəcədə yüksəldir. Onun fikrincə, bu layihələr həm tranzit imkanlarını artırır, həm də qarşılıqlı sərmayələr vasitəsilə iqtisadi rifahı təmin edir.

Həmçinin qeyd edilməlidir ki, Prezidentin işğaldan azad edilmiş ərazilərdə qardaşlıq dəstəyi ilə bağlı fikirləri Azərbaycan xalqının bu jesti yüksək qiymətləndirdiyinin ifadəsidir. Dövlət başçısının “Özbəkistan Qarabağ bölgəsinin yenidən qurulmasına yardım göstərmək təşəbbüsünü irəli sürən ilk ölkə, Prezident Mirziyoyev isə dünyada ilk lider olub” sözləri və xüsusilə “azad edilmiş Füzulidə böyük özbək alimi Mirzə Uluqbəyin adını daşıyan və hazırda təxminən 600 şagirdin təhsil aldığı məktəbin tikintisi”ni xatırlatması bu həmrəyliyin əbədi rəmzi kimi qiymətləndirilir.

Deputat sonda bildirmişdir ki, Prezident İlham Əliyevin müsahibəsi region ölkələri arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq prinsiplərinin möhkəmləndirilməsi baxımından yol xəritəsi rolunu oynayır. Onun sözlərinə görə, “bu gün Xəzər dənizi, sadəcə, coğrafi anlayış deyil, o, hər şeydən əvvəl xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir” yanaşması ölkəmizin Mərkəzi Asiya ilə birlikdə daha güclü və dayanıqlı bir gələcəyə qədəm qoyacağını təsdiqləyir.