SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Ağdamın dirçəlişi - Suveren Azərbaycanın yenidənqurma siyasi iradəsinin təntənəsi
Ağdam şəhəri uzun illər ərzində erməni vəhşiliyinin, işğalın və etnik təmizləmənin ən ağır nəticələrinə məruz qalmış bölgələrimizdən biridir. Prezident İlham Əliyevin sözləri ilə desək, “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.”
Deputat Kamal Cəfərov qeyd etmişdir ki, bu gün Ağdamın timsalında Azərbaycanın suveren dövlət kimi gücünün, iradəsinin və tarixi ədaləti bərpa etmək qətiyyətinin parlaq nümunəsini görürük. Ağdamın bərpası təkcə bir şəhərin deyil, həm də xalqımızın əzmini, milli birliyini və dövlətimizin strateji hədəflərini ifadə edir.
Kamal Cəfərov bildirmişdir ki, 30 il əvvəl yerlə-yeksan edilən, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu Ağdam şəhəri bu gün dövlətimizin diqqət və əzmi nəticəsində böyük dönüş yaşayır. Ərazilərin yandırılması, mülki obyektlərin talanı, mədəni irsin məhv edilməsi kimi müharibə cinayətləri Ermənistanın əsl niyyətini ortaya qoysa da, 2020-ci il 10 noyabr bəyanatı Azərbaycanın iradəsinin nə qədər sarsılmaz olduğunu bütün dünyaya göstərdi.
Bu gün Ağdam “Qafqazın Xirosiması” kimi tanınan xarabalıqlardan çıxaraq müasir şəhər konsepsiyasına çevrilir. Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş “Ağdam şəhərinin 2040-cı ilədək Baş planı” bu bölgəni azad olunmuş ərazilərin ən böyük və strateji şəhərlərindən birinə çevirəcək. Artıq Ağdam Sənaye Parkı, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi, yeni yaşayış massivləri, məktəblər, uşaq bağçaları, Muğam Mərkəzi kimi layihələr iqtisadi, sosial və mədəni inkişafın əsas sütunları kimi formalaşır.
Deputat Kamal Cəfərov xüsusi vurğulamışdır ki, “Böyük Qayıdış” çərçivəsində artıq minlərlə ailənin Ağdama qayıtması dövlətimizin sosial siyasətinin real nəticəsidir. Prezident İlham Əliyevin 2020-ci ildən başlayaraq Ağdama həyata keçirdiyi çoxsaylı səfərlər, təməlqoyma və açılış mərasimləri burada aparılan işlərin sistemli, planlı və dinamik xarakter daşıdığını təsdiq edir.
Kamal Cəfərovun sözlərinə görə, bu gün Ağdam yenidən dirçəlişin, inkişafın və xalqın öz tarixi torpağına qayıdışının rəmzidir. Şəhərdə həyata keçirilən layihələr həm Qarabağın bərpasına, həm də Azərbaycanın milli iqtisadi və sosial gücünün daha da artmasına xidmət edir.